“Ürək Transplantasiyası Həftəsi” çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən jurnalistlər üçün maarifləndirici seminar təşkil olunub.
Seminarın əsas məqsədi cəmiyyətdə orqan donorluğu və transplantasiya ilə bağlı məlumatlılığın artırılması, bu sahədə mövcud imkanların və hüquqi-etik məsələlərin media nümayəndələri ilə müzakirəsi, eləcə də orqan bağışlanmasının insan həyatının xilas edilməsindəki əhəmiyyətinin ictimaiyyətə daha geniş çatdırılması olub.
Tədbirdə çıxış edən Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri, həkim-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Yeganə Abbasova bildirib ki, 2025-ci ildə Azərbaycanda və bütövlükdə Cənubi Qafqaz regionunda ilk dəfə ürək transplantasiyasının həyata keçirilməsi ölkəmizin səhiyyə tarixində mühüm hadisə olub. Bu əlamətdar nailiyyətin birinci ildönümünə həsr olunan “Ürək Transplantasiyası Həftəsi” çərçivəsində keçirilən tədbirlər isə həm əldə edilmiş nəticələrin ictimaiyyətə çatdırılması, həm də orqan donorluğu mədəniyyətinin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.
Yeganə Abbasova çıxışında orqan donorluğunun insan həyatının xilasına xidmət edən ən ali humanist dəyər olduğunu vurğulayıb. O, seminarın xüsusi qonağı olan, beyin ölümü diaqnozu qoyulmuş 23 yaşlı qızı Məryəmin orqanlarını bağışlamaq qərarı verərək altı insana yaşamaq şansı qazandıran Elxan Məmmədovun nümunəsini qeyd edib.
Mərkəz sədri bildirib ki, ağır itki ilə üzləşən bir insanın başqalarının həyatını xilas etməyi düşünməsi əsl insanlıq nümunəsidir.
“İnanıram ki, Məryəmin həyat hekayəsi və bu qərar nəticəsində yenidən yaşamaq şansı qazanan insanların taleyi hər birimizi orqan donorluğunun əhəmiyyəti barədə daha dərindən düşünməyə sövq edəcək”, – deyə Yeganə Abbasova qənaətini ifadə edib.
O, həmçinin insanların sağlığında donor olmaqla bağlı qərarlarını əvvəlcədən ifadə etmələrinin vacibliyini vurğulayıb.
“Bəzən insanın yaxınları belə ağır bir vəziyyətlə üzləşdikdə qarşılarında çox çətin bir sual dayanır: görəsən, o özü orqanlarının bağışlanmasına razı olardımı? İnsan sağlığında donor olmaq barədə qərarını ifadə etməklə bu sualı və həmin ağır məsuliyyəti yaxınlarının üzərindən götürmüş olur. Buna görə də hər bir vətəndaşı bu məsələyə daha məsuliyyətlə yanaşmağa, öz qərarı barədə düşünməyə və məlumatlı olmağa çağırıram”, – deyə Yeganə Abbasova qeyd edib.
Seminarda Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev də çıxış edərək ölkəmizdə ürək transplantasiyası sahəsində əldə olunan nailiyyətlərdən, mövcud ehtiyaclardan və gələcək inkişaf perspektivlərindən danışıb.
Onun sözlərinə görə, ötən ilin oktyabr ayından etibarən ölkəmizdə dörd ürək transplantasiyası əməliyyatı həyata keçirilib. Bununla yanaşı, hazırda 50-dən çox xəstə ürək transplantasiyası üçün gözləmə siyahısındadır.
Kamran Musayev orqan donorluğunun əhəmiyyətinə toxunaraq ölkəmizdə donor sayının artırılmasının vacibliyini vurğulayıb və cəmiyyətin hər bir üzvünü könüllü donorluğa dəstək verməyə çağırıb.
Tədbirdə Məryəmin atası Elxan Məmmədov da çıxış edərək qızının orqanlarını bağışlamaq qərarı ilə bağlı düşüncələrini bölüşüb.
O bildirib ki, Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin yaradılmasından sonra bu sahədə mühüm işlər görülüb. Xüsusilə, xarici ölkələrdə transplantasiya əməliyyatı üçün maddi imkanı olmayan vətəndaşların ölkə daxilində bu imkandan yararlanması və həyata yenidən bağlanması olduqca böyük əhəmiyyət daşıyır.
Elxan Məmmədov qeyd edib ki, qızına beyin ölümü diaqnozu qoyulduqdan sonra Koordinasiya Mərkəzinin nümayəndəsi orqan donorluğu ilə bağlı ailənin mövqeyini öyrənib və o, heç bir tərəddüd etmədən razılıq verib.
“Qızım dünyasını dəyişdi, amma onun orqanları altı insana yaşamaq üçün şans verdi. Bu, bizə həyata davam etmək, yaşamaq üçün bir stimul oldu. Həyat gözlənilməzliklərlə doludur. Hər birimiz belə bir vəziyyətlə üzləşə bilərik. Ona görə də bu məsələyə daha böyük ciddiyyətlə yanaşmağa və bu humanist missiyaya dəstək olmağa çağırıram. Bir insanı yaşatmaq insanlığı yaşatmaqdır”, – deyə Elxan Məmmədov vurğulayıb.
O, media nümayəndələrini də orqan donorluğunun əhəmiyyətinin cəmiyyətə düzgün çatdırılması, maarifləndirmə işlərinin gücləndirilməsi və insanların bu humanist missiyaya təşviq olunması istiqamətində fəal olmağa çağırıb.
Seminarın interaktiv hissəsində jurnalistlər orqan donorluğunun hüquqi və etik aspektləri, donor olmaq üçün yaş həddi, orqanların götürülməsi və saxlanılması müddətləri, ürək transplantasiyasının xüsusiyyətləri və digər məsələlərlə bağlı suallar ünvanlayıblar.
Tədbirdə səsləndirilən fikirlər bir daha göstərib ki, transplantasiya sahəsində tibbi imkanların inkişafı ilə yanaşı, cəmiyyətdə orqan donorluğu ilə bağlı düzgün məlumatlandırmanın aparılması, etimadın formalaşdırılması və könüllü donorluq mədəniyyətinin təşviqi də xüsusi əhəmiyyət daşıyır.
“Ürək Transplantasiyası Həftəsi” çərçivəsində keçirilən maarifləndirici seminar bu istiqamətdə ictimai dialoqun genişləndirilməsinə və medianın məlumatlandırıcı rolunun gücləndirilməsinə xidmət edib.